|

Mən 1975-ci ildə anadan olmuşam. 1982-ci ildə orta
məktəbə getmiş və 1992-ci ildə orta məktəbi bitirmişəm.
Elə həmin il ali məktəbə Azərbaycan Texniki
Universitetinə daxil olmuşam. Daxil olduğum fakültə
"Avtomatika və Hesablama Texnikası", ixtisasım isə
"İstehsalın və texnoloji proseslərin
avtomatlaşdırılması" idi. Universitetdə təhsil aldığım
illərdə fərdi kompüter və ingilis dili kurslarını
bitirmişəm.
Universiteti 1997-ci ildə fərqlənmə diplomu ilə
bitirmişəm. Universiteti bitirdikdən sonra mən özümə
münasib bir iş axtarmağa başladım və onu "Baku Coca-Cola
Bottlers Ltd" şirkətində tapdım. Bu mənim ilk iş yerim idi. Mən burada ilk iş
təcrübəmi qazandım. Birinci iş yerim mənim üçün böyük
əhəmiyyət daşıyır. Çünki mən burada iş təcrübəsi
toplamaqla yanaşı həm də bir neçə dost qazandım ki, bu
gün də həmin dostlarımla birlikdəyəm.
Mən "Baku Coca-Cola Bottlers Ltd" şirkətində mühəndis
kimi 1998-ci ilin mart ayından dekabr ayına qədər
işlədim. 1998-ci ilin dekabr ayında mən qərara gəldim
ki, kompüter və ingilis dili biliklərimdən yararlanmaq
üçün özümə daha yaxşı iş axtarım. Belə bir işi mən
təsadüfən qəzetdə verilmiş elan vasitəsilə tapdım.
Tapdığım iş mobil telefonların idxalını və satışını
həyata keçirən bir telekommunikasiya şirkətində idi.
Telekommunikasiya şirkəti - Cen Telecom (Cen
Şirkətlər qrupu) çox tanınmış Ericsson
(sonradan SonyEricsson) GSM mobil telefonlarının rəsmi distribütoru idi. Bir
müddət sonra Cen Telecom Philips, Sagem, Maxon mobil
telefonlarının rəsmi distibütoru oldu. Mən bu şirkətin
Texniki Servis mərkəzində texniki işçi kimi işləməyə
başladım. Sonradan 1999-cu ilin mart ayında məni Texniki
Servis mərkəzinin meneceri vəzifəsinə təyin etdilər.
2002-ci ildən etibarən Cen Şirkətlər Qrupu Kabel
Televiziyası ilə bağlı yeni layihə üzərində işlərə
başladı. Digər texniki işçilərlə birlikdə mən də bu
layihəyə cəlb olundum və onun üzərində işləməyə
başladım. 2007-ci ilə qədər
mən Cen Şirkətlər Qrupunda Texniki
İşlər üzrə müdir müavini vəzifəsində işlədim.
2007-ci ilin oktyabr ayından isə uzun müddət işlədiyim
şirkətdən ayrılmalı oldum. Sonradan iş fəaliyyətimi
Vartsila Azərbaycan MMC şirkətində davam etdirmək qərarına
gəldim. Şirkətin ixtisas artırma kurslarında iştirak
etdikdən sonra vəzifəmin icrasına başladım. Hal-hazırda
Vartsila Azərbaycan MMC şirkətində
"elektronika üzrə servis mühəndis" vəzifəsində
işləyirəm.
Universitet illərində və qrup yoldaşlarımla çəkilmiş fotoşəkillər.

Koka
Kola və Cen Şirkətlər
Qrupunda iş fəaliyyətim zamanı çəkilmiş fotoşəkillər.


Vartsila
Azərbaycan MMC-də iş fəaliyyətim zamanı çəkilmiş fotoşəkillər.

Boş vaxtlarımda mən futbol oynayıram. Mən peşəkar
futbolçu deyiləm, amma bu oyunu oynamaqdan çox xoşum
gəlir. Hər zaman mən futbol oynayanda bundan həzz alıram.
Burada futbola aid bəzi bəzi fotoşəkillərimi
yerləşdirmişəm.


|